Wired xəbər verir ki, biotexnologiya şirkəti "Exin Therapeutics"in baş direktoru və həmtəsisçisi Gabriel Ocana Santero süni intellekt agentinin köməyi ilə canlı siçanın beyninə inyeksiya əməliyyatını uğurla həyata keçirib. Təcrübənin məqsədi agentlərə laboratoriya avadanlığına birbaşa çıxış verildikdə nə baş verdiyini yoxlamaq olub.

Agent xüsusi hazırlanmış cərrahi qurğuya qoşulub. Qurğuda siçanı hərəkətsiz saxlayan motorlu cihaz və agentin prosesi izləməsinə imkan verən kamera var idi. Baytar cərrah əvvəlcə siçanın kəllə qutusunu açıb, agent isə 19 variantdan ibarət cədvəldən terapiyanı, beyin nahiyəsini və inyeksiya koordinatlarını seçərək robot qollarını, iynəni, həcm və sürət kimi parametrləri idarə edib. Sınaqdan keçirilən gen terapiyasının epilepsiyalı siçanda tutmaları azaldıb-azaltmadığı yoxlanılır.

Komanda əvvəlcə "Anthropic"in "Claude Opus 5.5" modelini sınayıb, lakin model heyvanı təhlükəyə ata biləcəyini bildirərək iynəni beyinə yeritməkdən imtina edib. Bundan sonra razılıq verən "Claude Sonnet 5" modelinə keçilib. Təhlükəsizlik üçün inyeksiya planının insan tərəfindən təsdiqi və motorları söndürən təcili düymə nəzərdə tutulub.

Texniki nasazlıq koordinat sistemini pozduqda agent səhvi düzgün müəyyən etsə də, təlimatlar qadağan etdiyi üçün kodu dəyişməyib. Problem ayrıca "Opus 5" agenti vasitəsilə həll olunub və adətən 45 dəqiqə çəkən əməliyyat bir saatdan bir qədər uzun sürüb. Santeronun sözlərinə görə, siçan yaxşı sağalır.

Qeyd edək ki, komanda növbəti mərhələdə "Grok" və digər modelləri sınamağı, eləcə də agentin idarə etdiyi kəllə açma əməliyyatları üzərində işləməyi planlaşdırır. Santero hesab edir ki, xüsusilə canlı heyvanlarla aparılan təcrübələrdə insan nəzarəti həlledici olaraq qalır, insan beynində belə tətbiq üçün isə hələ çox tezdir.