9to5Google xəbər verir ki, "Google" "Argon" modelinin təqdimatından iki həftə sonra yeni qabaqcıl süni intellekt modeli olan "Gemini 4 Carbon"u elan edib. Şirkətin sözlərinə görə, model proqramlaşdırma, agent tapşırıqları və zəifliklərin aşkarlanması kimi kibertəhlükəsizlik işlərində nəzərəçarpacaq irəliləyiş göstərir.

"Carbon" yenilənmiş "Artificial Analysis Intelligence Index" v5.0 reytinqində 59 balla birinci yerə çıxıb. Veb-proqramlaşdırma üzrə "WebDev Arena" reytinqində isə model 89 elo xal artımı ilə 1769 balla dördüncü yeri tutub. Kibertəhlükəsizlik testlərində "SEC-bench Pro" üzrə 88,2%, "ExploitGym" üzrə 54,8%, "CWE-bench" üzrə isə 71% nəticə qeydə alınıb.

Google "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib
9to5Google

"Google" təhlükəsizlik və etibarlılıq məsələlərinə də diqqət ayırdığını bildirib. Daxili testlərə görə, "Carbon" əsassız iddiaları "Argon" ilə müqayisədə təxminən iki dəfə azaldıb, həddini aşan hərəkətləri 26%, natamam icranı isə 29% azaldıb. Model qeyri-müəyyən vəziyyətlərdə təxmin etmək əvəzinə mənbələri yoxlayıb uyğunsuzluqları istifadəçiyə bildirir.

Model bu həftə ilk olaraq kibertəhlükəsizlik mütəxəssisləri üçün əlçatan olacaq, daha sonra tərtibatçılara, bizneslərə və adi istifadəçilərə təqdim ediləcək. İlkin qiymət 1 milyon giriş tokeni üçün 2 dollar, çıxış tokeni üçün isə 10 dollar təşkil edəcək, keşlənmiş giriş tokenlərinə 95% endirim tətbiq olunacaq.

Qeyd edək ki, endirimli dövr başa çatdıqdan sonra qiymətlər 1 milyon giriş tokeni üçün 4 dollar, çıxış tokeni üçün 20 dollar olacaq. "Google" sürətli buraxılışı tədqiqatçıların və modellərin birgə işləyərək imkanları daha tez inkişaf etdirməsi ilə izah edib.