Wired xəbər verir ki, Çernobıl Atom Elektrik Stansiyasının ətrafında yaşayan itlərin genetik fərqliliyinin təsadüfi dəyişikliklərlə izah oluna bilmədiyi və bu populyasiyada təbii seçmənin getdiyi müəyyən edilib. Araşdırmanın nəticələri "Genes" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar stansiya ərazisindəki itlərin DNT-sini təxminən 16 kilometr aralıdakı Çernobıl şəhərində yaşayan itlərlə, eləcə də dünyanın digər it populyasiyaları ilə müqayisə ediblər. Şimali Karolina Dövlət Universitetinin əməkdaşı, tədqiqatın birinci müəllifi Meqan Dillonun sözlərinə görə, şəhər itləri genetik baxımdan stansiyadakı itlərdən çox Qalapaqos adalarındakı itlərə yaxındır.

Ən güclü seçmə təzyiqinə məruz qalan genom bölgələri DNT bərpası, immunitet və hüceyrələrin yaşaması kimi funksiyalarla əlaqəlidir. Alimlər bildirib ki, bunlar yeni mutasiyalar deyil, yerli itlərdə əvvəldən mövcud olan və son 40 ildə populyasiyada daha geniş yayılan genetik variantlardır.

Bununla belə, hansı ətraf mühit amilinin bu dəyişikliklərə səbəb olduğu bəlli deyil. Radiasiya ilə yanaşı, sərt qışlar, ağır metallar və pestisidlər də itlərə təsir göstərib. Tədqiqatın rəhbəri Metyu Brin qeyd edib ki, zamanla toplanmış nümunələr olmadığından populyasiyanın dəyişmə prosesini dəqiq izləmək mümkün deyil.

Qeyd edək ki, Çernobıl itləri 1986-cı il qəzasından sonra təxliyə zamanı tərk edilmiş ev heyvanlarının nəslindəndir. Hazırda qadağan zonasında canavar, maral, çöl donuzu və vaşaq kimi vəhşi heyvanlar da yaşayır və canavar populyasiyasında da oxşar genetik fərqlər müşahidə olunub.