Engadget xəbər verir ki, "Valve" şirkəti "Steam" platformasında oyunların buraxılış qaydalarını yeniləyib. Dəyişikliklər son vaxtlar platformaya axışan və böyük hissəsi süni intellektlə yaradılan yeni oyunlar səbəbindən yığılan yoxlama növbəsini azaltmağa yönəlib.
Şirkətin hədəfinə görə yeni oyunların yoxlanılması 3-5 gün çəkməlidir, lakin hazırda bu proses 12 iş gününə qədər uzanır. Nəticədə bəzi müstəqil oyunlar buraxılış tarixlərini həftələrlə gecikdirib. "Valve" bildirib ki, yeni qaydalar təkrar yoxlamaların qarşısını almaq üçün tətbiq olunur.
Yeni tələblərə əsasən, tərtibatçılar oyunu ən azı beş dəqiqə "Steam" vasitəsilə işə salaraq platformada düzgün işlədiyinə əmin olmalıdırlar. Bundan əlavə, "DirectX" və "Visual C++" kimi komponentləri təsdiqləməli, nailiyyətlərin hazır olduğunu və "Steam Cloud" yaddaş yollarının düzgün qurulduğunu yoxlamalı, ekran görüntülərini isə kateqoriyalara ayırmalıdırlar.
Tərtibatçıların fikrincə, gecikmələr sentyabr-oktyabr aylarında kəskin artıb. "Reddit" istifadəçisinin hesablamasına görə, oktyabrda "Steam"də buraxılan oyunların 49,9 faizi süni intellektlə yaradılmış məzmundan istifadə etdiyini açıqlayıb. "Cubic Earth" oyununun tərtibatçısı isə gecikmə səbəbindən treylerin 60 mindən çox baxış və oyunun 6 mindən çox istək siyahısı toplamasına baxmayaraq, maraq dalğasını itirdiklərini deyib.
Qeyd edək ki, iyun ayında keçirilən "Next Fest" tədbirində təqdim olunan oyun demolarının təxminən 20 faizi süni intellektdən istifadə etdiyini bildirmişdi. "Valve" yoxlama prosesində əlavə təkmilləşdirmələrin də gözlənildiyini açıqlayıb.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





