Ars Technica xəbər verir ki, "Mercedes-Benz" avtomobilin ön şüşəsində görüntü yaradan holoqrafik displey hazırlayır. Texnologiya mahiyyətcə ənənəvi proyeksiya displeyinin (HUD) daha təkmil formasıdır və gələcəkdə sərnişin ekranlarını əvəz edə bilər.

Sistem proyektordan və şüşənin içinə yerləşdirilmiş xüsusi şəffaf plyonkadan ibarətdir. Plyonkadakı holoqrafik optik elementlər, şirkət mühəndisi Lena Hisin sözləri ilə "çox kiçik güzgülər", işığı seçici şəkildə əks etdirir. Bu, görüntünün birbaşa günəş işığında da görünməsini, eyni zamanda sürücüdən gizli qalmasını təmin edir.

"Mercedes-Benz" ön şüşəni ekrana çevirən holoqrafik displey üzərində işləyir
Ars Technica

Almaniyanın Sindelfingen şəhərindəki tədqiqat mərkəzində nümayiş olunan prototip "S-Class" modelində quraşdırılıb. Onun təsvir keyfiyyəti mövcud HUD sistemlərindən xeyli yüksəkdir, lakin sərnişin sensor ekranından geri qalır. Bundan əlavə, kontrast həddən artıq yüksəkdir və görüntü şüşənin bucağı səbəbindən təhrif olunur. Şirkət rəsmisi Manuel Holşteyn bildirib ki, seriya versiyasında proyektor daha kiçik olacaq, ventilyator səsi eşidilməyəcək və təsvir keyfiyyəti artacaq.

"Mercedes" gələcəkdə ön şüşənin təxminən yarısını yalnız sərnişinə görünən virtual ekrana çevirməyi, sürücü tərəfdə isə vəziyyət haqqında məlumat göstərməyi və dayanacaqda video zəngləri təmin etməyi planlaşdırır.

Qeyd edək ki, "J.D. Power" araşdırmasına görə, avtomobil sahibləri sərnişin ekranlarını "lazımsız" hesab edir. "Mercedes" rəhbərliyi də son vaxtlar salonda ağac və metal kimi ənənəvi materiallara üstünlük verildiyini vurğulayır.