Ars Technica xəbər verir ki, "BlackX" adlı yeni UEFI butkiti bütün təhlükəsizlik yeniləmələri quraşdırılmış "Windows" kompüterlərini yoluxdurub. Yoluxmaları "Kaspersky" kibertəhlükəsizlik şirkəti aşkar edib.

Zərərli proqram 2022-ci ildə üzə çıxan və CVE-2022-21894 kimi qeydə alınan "Baton Drop" boşluğundan istifadə edir. Bu məntiqi xəta "Windows" yükləmə menecerində yerləşir və hücumçulara "Secure Boot" qorumasını keçməyə, əməliyyat sistemi tam yüklənməmişdən əvvəl nüvəyə zərərli drayver yükləməyə imkan verir.

"BlackX" butkiti tam yenilənmiş "Windows" kompüterlərini yoluxdurub
Ars Technica

"Microsoft" boşluğu 2022-ci ildə aradan qaldırıb, 2023 və 2024-cü illərdə isə əlavə yeniləmələr buraxıb. Lakin köhnə "Windows Production PCA 2011" sertifikatına etibarın ləğvi avtomatik tətbiq olunmayıb: milyonlarla cihazın yüklənməz hala düşəcəyi ehtimalı səbəbindən şirkət bu addımı inzibatçıların əl ilə atmasına buraxıb.

"Kaspersky" tədqiqatçısının sözlərinə görə, sistem inzibatçıları adətən yeniləmədən sonra əlavə addım atmırlar, aktivləşdirmə təlimatları isə "Microsoft" saytında gözdən uzaq yerdə yerləşir. Şirkət hesab edir ki, hücumçular bu boşluğu nəzərə alaraq "BlackLotus"un surətini yaradıblar.

Qeyd edək ki, 2023-cü ildə aşkarlanan "BlackLotus" tam yenilənmiş "Windows 11" sistemlərində "Secure Boot"u keçə bilən ilk ictimai məlum UEFI butkiti olub. Bu cür zərərli proqramları xüsusi alətlər olmadan aşkarlamaq çətindir və onlar əməliyyat sistemi yenidən quraşdırıldıqdan sonra da qala bilir.