The Verge xəbər verir ki, "BMW" naviqasiyaya əsaslanan yarımavtonom idarəetmə imkanlarını 2027-ci ildən şəhər mühitinə də genişləndirəcək. Sistem əvvəlcə Almaniyada təqdim olunacaq, daha sonra digər bazarlara çıxarılacaq.
Yeni sistem daxili GPS naviqasiyası vasitəsilə həm magistrallarda, həm də şəhər küçələrində sükanı idarə etməyə, sürəti artırıb azaltmağa kömək edir. Şəhərdə o, zolaq dəyişmə, dönmə, digər avtomobillərə yol vermə və dairəvi kəsişmələrdən keçmə zamanı köməklik göstərə bilir. Bununla belə, ikinci səviyyəli sistem olduğu üçün sürücü yolu daim izləməli və idarəetməni hər an öz üzərinə götürməyə hazır olmalıdır. Magistralda əllər sükandan götürülə bilər, şəhər yollarında isə sükanı tutmaq tələb olunur.

Şirkətin sözlərinə görə, sürücü sistemi söndürmədən istənilən an sükanı çevirə, əyləc basa və ya sürəti artıra bilər. Lazımi kameralar və sensorlar artıq "3 Series", "7 Series", "X5", "iX3" və "iX4" modellərində mövcuddur və funksiya proqram təminatı yeniləməsi ilə aktivləşdiriləcək. Sistemin müstəqil ekspertlər tərəfindən sınaqdan keçirildiyi, rəsmi təsdiqin isə 2027-ci ilin əvvəlində gözlənildiyi bildirilib.
Qeyd edək ki, avtomobil istehsalçıları "Tesla"nın "Full Self-Driving" (FSD) sisteminə rəqib yaratmağa çalışır. "BMW" bu yaxınlarda qismən "Qualcomm" texnologiyasına əsaslanan sürücü köməkçisi olan "Neue Klasse" platformasını təqdim edib. Təhlükəsizlik tədqiqatçıları isə belə sistemlərin sürücülərdə həddindən artıq arxayınlıq yaratdığını və reaksiya müddətini uzatdığını vurğulayır.

Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





