TechCrunch xəbər verir ki, "OpenAI" şirkəti "ChatGPT" masaüstü tətbiqində "Chat" və "Work" bölmələrini birləşdirməyə hazırlaşır. Bu barədə məlumat istifadəçilərə göndərilən elektron məktubda yer alıb.

Hazırda tətbiqdə "ChatGPT" və "Codex" bölmələri mövcuddur, "ChatGPT" daxilində isə ayrıca "Chat" və "Work" tabları var. Bu qədər seçim istifadəçilərin hansı bölmədə işlədiyini və layihənin harada olduğunu unutmasına səbəb ola bilir.

OpenAI "ChatGPT" tətbiqində "Chat" və "Work" bölmələrini birləşdirir
TechCrunch

Şirkətin bildirdiyinə görə, yenilik ideyanı araşdırmaqdan onun icrasına qədər bütün prosesi bir yerdə aparmağa imkan verəcək. İstifadəçilər fayl və plaginlərini əlavə edib "ChatGPT"dən veb-sayt qurmağı, təqdimat hazırlamağı və ya internetdə müəyyən tapşırıqları yerinə yetirməyi xahiş edə biləcəklər. Yeni təcrübə əvvəlcə rəy toplamaq üçün seçilmiş istifadəçilərə təqdim olunacaq, daha sonra geniş yayılacaq.

"OpenAI" həmçinin açıqlayıb ki, bu keçidlə "ChatGPT" və "Codex" tokenləri eyni limitdən istifadə edəcək. Şirkətin sözlərinə görə, dəyişiklik istifadəçilərin əksəriyyətinə təsir etməyəcək, lakin istifadə həcmindən və modeldən asılı olaraq bəzi istifadəçilər limitin yenilənməsini daha tez-tez gözləməli ola bilər.

Qeyd edək ki, rəqib "Anthropic" şirkəti sentyabr ayında "Claude" tətbiqində söhbət və "Cowork" funksiyalarını vahid ekranda birləşdirib.