Tom's Hardware "Forbes"a istinadən xəbər verir ki, "Sony" müstəqil 4K Blu-ray pleyerlərindən imtina etməyə hazırlaşa bilər. Şirkətin Yaponiyada satışda qalan sonuncu modeli olan "UBP-X700K" oktyabrın 22-də mövcud olmayan məhsul kimi qeyd olunub.

Məlumata görə, yerli pərakəndə satıcılara bu model üzrə yeni tədarük gözləməmələri bildirilib. Bundan əlavə, "Sony"nin ABŞ saytında da pleyer "stokda yoxdur" kimi göstərilib.

Bununla belə, şirkət hələ ki bazardan qlobal miqyasda çəkildiyini rəsmi olaraq elan etməyib. "Forbes"un sualına cavab olaraq "Sony"nin Böyük Britaniya bölməsi bu barədə məlumatın ictimaiyyətə açıqlanmadığını, mediada yayılan xəbərlərdən xəbərdar olduqlarını, lakin fərziyyələri şərh etməkdən çəkindiklərini bildirib.

Qeyd edək ki, "UBP-X700K" "Sony"nin Yaponiya bazarında təklif etdiyi sonuncu müstəqil 4K Blu-ray pleyeridir. Bu modelin satışdan çıxması fiziki media pərəstişkarları arasında şirkətin bu seqmentdəki gələcəyi ilə bağlı suallar yaradıb.