The Verge xəbər verir ki, 16 GB operativ yaddaşa malik "Raspberry Pi 5" mini kompüterinin qiyməti 80 dollar artırılaraq 385 dollara çatdırılıb. Bu konfiqurasiya satışa 120 dollara çıxarılmışdı və hazırda ilkin qiymətindən üç dəfədən çox bahadır.

Bahalaşma "Raspberry Pi Compute Module 5"-in 16 GB versiyalarına da şamil olunub. Bu modellərin qiyməti 40 dollar artıb və indi 375-415 dollar arasında dəyişir.

Şirkətin baş icraçı direktoru Eben Apton bildirib ki, qiymət artımına digər komponentlərin çatışmazlığı ilə yanaşı, 16 GB DRAM üçün alternativ təchizat mənbəyinin olmaması səbəb olub. O, artımların qaçılmaz olduğunu qeyd edərək istifadəçilərə ehtiyac duyduqlarından artıq yaddaş üçün pul ödəməməyi, daha az yaddaşlı və ya köhnə modellərə üstünlük verməyi tövsiyə edib.

Apton həmçinin vəziyyətin müvəqqəti olduğunu vurğulayıb və yaddaş qiymətləri yenidən düşdükdə şirkətin qiymətləri əvvəlki səviyyəyə qaytarmağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, bu, davam edən operativ yaddaş qıtlığı fonunda "Raspberry Pi" məhsullarında baş verən ardıcıl bahalaşmaların sonuncusudur. Ötən ay "Raspberry Pi 5"-in 2 GB versiyasının da qiyməti artırılmışdı, 16 GB model isə artıq stolüstü mini kompüterlərin qiymətinə yaxınlaşıb.