The Verge xəbər verir ki, "Binance" kriptovalyuta tarixində ən böyük oğurluq sayılan 6,3 milyard dollarlıq hücumla bağlı araşdırmanın nəticələrini dərc edib. Şirkətin hesabatına görə, hakerlər bir neçə ay ərzində məlum üsulları birləşdirərək sistemə daxil olublar.

Proses iyun ayında bir tərtibatçının, ehtimal ki, zərərli "Google" reklamı vasitəsilə yayılan saxta quraşdırma faylını yükləməsi ilə başlayıb. Sentyabrda isə başqa bir mühəndislə işə götürmək adı altında əlaqə saxlanılıb, bir neçə mərhələli müsahibə təşkil olunub və nəticədə ondan zərərli proqram olan saxta tapşırığı yükləmək istənilib.

"Binance" bildirib ki, iyundakı ilk yoluxmanı aşkarlayaraq işçinin cihazını dəyişib, lakin ikinci hücumu təhlükəsizlik alətləri tutmayıb. Zərərli proqram "pyenv" alətini saxta versiya ilə əvəz edərək hakerlərə arxa qapı imkanı verib. FBI hücumçuları Şimali Koreyanın "TraderTraitor" adlı qrupu kimi müəyyənləşdirib. Onlar oktyabrın 20-də şirkətin daxili süni intellekt alətindən istifadə edərək iki işçinin pul kisələrinə nəzarəti ələ keçirib, oktyabrın 29-da isə hücuma başlayıblar.

Şirkətin sözlərinə görə, "isti" pul kisəsi çoxtərəfli hesablama (MPC) texnologiyasından istifadə etdiyi üçün icazəsiz əməliyyatları dərhal dayandırmaq mümkün olmayıb və köçürmələr təxminən iki saat davam edib.

Qeyd edək ki, "Binance"in baş direktoru Riçard Tenq istifadəçilərin zərər görmədiyini, oğurlanmış aktivlərdən təxminən 2,85 milyard dollarının dondurulduğunu və ya ələ keçirildiyini bildirib. Onun sözlərinə görə, təsirə məruz qalan tokenlərin 98 faizi bərpa olunub, vəsaitlərin çıxarılması isə əsasən bərpa edilib.