9to5Mac xəbər verir ki, "Apple" "Fitness+" xidməti üçün "Gym Strength" adlı yeni güc məşqləri proqramını təqdim edib. Funksiya hazırda beta versiyada əlçatandır və fərdi məşq planları, hərəkətlərin video nümayişi və "Apple Watch" vasitəsilə qeydiyyat imkanı təklif edir.

Proqram istifadəçinin güc hədəflərinə, təcrübəsinə, cədvəlinə və mövcud avadanlığına əsasən dörd həftəlik mərhələli planlar yaradır. Hər həftə tamamlandıqdan sonra növbəti həftənin məşqləri qeyd olunan təkrar sayı və çəkiyə görə uyğunlaşdırılır. Bir məşqdə beş hərəkət seçildikdə təxminən 20-30 dəqiqə, yeddi hərəkət seçildikdə isə 45-60 dəqiqə vaxt tələb olunur.

Apple "Fitness+" xidmətinə idman zalı üçün fərdi güc məşqləri proqramı əlavə edib
9to5Mac

"Gym Strength" 30-dan çox avadanlıq növü üzrə 350-dən artıq hərəkəti əhatə edir, minimum tələb isə hantellərdir. Trenajor məşğul olduqda istifadəçi avadanlığı dəyişə və ya oxşar alternativ hərəkət seçə bilər. Proqram "iOS 27.3" ilə işləyən "iPhone" və ya "iPadOS 27.3" ilə işləyən "iPad" tələb edir, "watchOS 27.3" ilə "Apple Watch" isə isteğe bağlıdır.

Yenilik həmçinin "Apple Intelligence" əsasında işləyən "Training Note" funksiyasını təqdim edir. O, məşqləri öncədən göstərir, irəliləyişi izah edir və mühüm nailiyyətləri vurğulayır, lakin yalnız ingilis dilində işləyir.

Qeyd edək ki, "Gym Strength" mövcud "Fitness+" abunəsinə daxildir. ABŞ-da xidmətin qiyməti ayda 9,99 dollar və ya ildə 79,99 dollardır, abunəni beşə qədər ailə üzvü ilə paylaşmaq mümkündür. "Fitness+" həmçinin ayda 39,95 dollara təklif olunan "Apple One Premier" paketinə daxildir.