GSMArena xəbər verir ki, "Samsung Galaxy S27 Ultra" smartfonunun maketi ortaya çıxıb. Avqust ayında sızan CAD əsaslı renderlərin müəllifi həmin sənədlər əsasında cihazın maketini hazırlayıb və onu "Galaxy S26 Ultra", "Apple iPhone 18 Pro" və "Google Pixel 11 Pro" ilə müqayisə edib.

Maketin daxilində ekran, batareya və digər komponentlər yoxdur, buna görə də real çəkisi bilinmir. Lakin ölçüləri məlumdur: yeni modelin ölçüləri 163,76 x 78,25 x 7,97 mm, "Galaxy S26 Ultra"nınkı isə 163,6 x 78,1 x 7,9 mm təşkil edir.

Maketin ön tərəfində mərkəzdə selfi kamerası üçün dəlik, arxa tərəfdə isə yenidən dizayn edilmiş kamera bloku yer alıb. Sağ tərəfdə qidalanma və səs düymələri, aşağıda isə USB-C portu, SIM kart yuvası, mikrofon, dinamik və "S-Pen" üçün yuva yerləşir.

Yeni kamera blokunda sələfi ilə müqayisədə bir kamera az olacaq. Dizayn "iPhone 18 Pro"nu xatırlatsa da, maqnitlər üçün yer saxlayır ki, bu da "MagSafe" tipli aksesuarların düzgün birləşməsinə imkan verə bilər. Bundan əlavə, yeni dizayn telefonun düz səthdə yırğalanmasını azalda bilər.

Qeyd edək ki, kamera sensorlarının yerləşməsi demək olar dəyişməsə də, yeni dizayna görə "Galaxy S26 Ultra" üçün nəzərdə tutulan qablar "Galaxy S27 Ultra"ya uyğun gəlməyəcək.