TechCrunch xəbər verir ki, "TikTok" tətbiqə daxili restoran bələdçisi əlavə etdiyini açıqlayıb. Bu addım platformanın sosial şəbəkə çərçivəsindən çıxaraq bir çox ehtiyacı bir yerdə qarşılayan "super tətbiqə" çevrilmək cəhdinin növbəti mərhələsi kimi qiymətləndirilir.
"Must Eat" adlı yeni funksiya 40 milyondan çox paylaşım və şərhə əsaslanaraq restoran tövsiyələrini bir yerdə toplayır. İstifadəçilər restoranları şəhərə görə axtara, mətbəx, qiymət, reytinq və məkana görə filtrləyə bilərlər. Bununla "TikTok" "Yelp" və "Google Maps" kimi xidmətlərlə daha birbaşa rəqabətə girir.

"Bloomberg" avqustda platformanın istifadəçilərə birbaşa mesajlar vasitəsilə bir-birinə pul göndərməyə imkan verən funksiya hazırladığını yazmışdı. Bu funksiyanın Cənub-Şərqi Asiyada artıq mövcud olan "TikTok Pay" xidmətindən istifadə edəcəyi bildirilir. Bundan başqa, "Reuters" martda şirkətin kredit və ödəniş xidmətləri təklif etmək üçün Braziliya Mərkəzi Bankına müraciət etdiyini xəbər vermişdi.
Son aylarda "TikTok" ABŞ-da otel və attraksionların sifarişi üçün "TikTok GO" xidmətini, FIFA Dünya Kuboku üçün xüsusi bölməni, mikrodramlar və tətbiqdaxili oyunları da istifadəyə verib.

Qeyd edək ki, şirkətin sosial şəbəkədən kənara ən böyük addımı "TikTok Shop" olub. eMarketer-in məlumatına görə, xidmətin ABŞ-dakı satışları 2024-cü ildə 407%, 2025-ci ildə isə 108% artaraq 15,82 milyard dollara çatıb. Super tətbiq modeli Çində "WeChat" kimi tətbiqlər sayəsində geniş yayılıb.
Mənbə: TechCrunch
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





