Ars Technica xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatından olan Ceyms Geyts "OpenAI" şirkətinə və onun baş icraçı direktoru Sam Altmana qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, "ChatGPT" onun həyat yoldaşı Şeril Geytsə ərini zəhərləmək üçün "fərdi plan" hazırlamağa kömək edib.

Sənədə əsasən, qadın əvvəlcə suallarını "özünümüdafiə" kimi təqdim edib, lakin ən azı 25 yazışmada zəhərləmə üsulları ilə bağlı məlumat istəyib. Çatbot evdəki dərmanlar üçün təxminən 200 funt çəkisi olan insana görə ölümcül dozaları hesablayıb, acı dadı gizlətmək üçün isə "Celsius" enerji içkisini tövsiyə edib.

Şeril Geyts 2025-ci ilin iyun-sentyabr ayları arasında ərini dəfələrlə zəhərləməyə cəhd edib. Ən ağır halda kişi 72 saat ürək və nevroloji simptomlarla xəstə yatıb. O, evdə zəhərli maddələrin siyahısı və "ChatGPT-dən çıxış et" qeydi olan əlyazma tapdıqdan sonra polisə müraciət edib. Oktyabrda qadına birinci dərəcəli qətlə cəhd ittihamı irəli sürülüb.

İddiada bildirilir ki, çatbot qadının əri ilə bağlı əsassız qorxularını gücləndirib və yazışmaları tamamilə silə biləcəyini deyərək onu yanıldıb. "OpenAI" nümayəndəsi isə Ars Technica-ya bildirib ki, təhlükəsizlik prioritetdir, istifadəçi bloklanıb və məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyd edək ki, kibertəhlükəsizlik mütəxəssisi olan Ceyms Geyts həyat yoldaşına "ChatGPT"ni əvvəlcə iş hesabatlarını sürətləndirmək üçün özü tövsiyə edib. O, məhkəmədən kompensasiya, cərimə təzminatı və "OpenAI"nin üçüncü şəxslərə qarşı zorakılıq planlaşdırılan söhbətləri aşkarlayıb dayandırmağa məcbur edilməsini tələb edir.