The Verge xəbər verir ki, "Meta" şirkəti "Muse" süni intellekt agentinə real vaxt rejimində səsli söhbət funksiyası əlavə edib. Yenilik barədə şirkətin rəhbəri Mark Zukerberq məlumat verib.

Yeni funksiyada söhbət zamanı ekranın yuxarı hissəsindəki avatar agentin dediyi sözlərlə sinxron şəkildə hərəkət edir. İstifadəçilər səsin tonunu agentdən xahiş etməklə və ya avatar parametrlərindəki seçimlərdən birini seçməklə dəyişə bilərlər.

"Meta"nın "Muse" süni intellekt agenti səsli rejim və animasiyalı avatarlar əldə edib
The Verge

Funksiyanı "iOS" tətbiqində sınaqdan keçirən jurnalist Jay Peters agentin səsli rejimdə tez cavab verdiyini, lakin məlumat axtararkən bəzən fasilə verdiyini bildirib. O, avatarını Mark Zukerberqə bənzətdiyini və rəqəmsal Zukerberqin onunla danışmasının qəribə təsir bağışladığını qeyd edib. Bununla belə, agentin səsini tam olaraq Zukerberqin səsinə oxşatmaq mümkün olmayıb.

"Muse"un səsli rejimi və ifadəli avatarları hazırda ABŞ-da tətbiq üçün yayılır. Şirkət funksiyaların "tezliklə" "Meta"nın süni intellektli eynəklərində də əlçatan olacağını açıqlayıb.

Qeyd edək ki, yenilik həmçinin "Meta"nın bu il satışa çıxarılması gözlənilən "Muse Charm" cihazında da istifadə olunacaq.