The Verge xəbər verir ki, "Santa Monica Studio" "God of War Laufey" oyununun çıxış tarixini 20 may 2027-ci ilə keçirib. "PlayStation 5" üçün hazırlanan oyunun əvvəlcə 16 fevralda satışa çıxması planlaşdırılırdı.

Studiya yaydığı açıqlamada iyun ayındakı təqdimatdan sonra oyunçuların göstərdiyi maraq üçün minnətdarlığını bildirib. Tərtibatçılar qalan müddətdə son düzəlişlər edəcəklərini və oyunu "tam potensialına çatdırmağa" çalışacaqlarını qeyd ediblər.

Oyunun baş qəhrəmanı seriyanın əsas personajı Kratosun həyat yoldaşı Feydir. Onu yenidən aktrisa Debora Enn Voll canlandırır. Engadget-in məlumatına görə, Fey axirət dünyasında oyanır və onun macərası "God of War" (2018) və "God of War Ragnarök" oyunlarındakı hadisələrlə paralel inkişaf edir.

Bu ilin əvvəlində nümayiş olunan 23 dəqiqəlik oyun videosuna əsasən, "Laufey" seriyanın son hissələrindən fərqli olaraq daha çox akrobatik döyüşlərə fokuslanır.

Qeyd edək ki, təxirə salınma oyunu 2027-ci ilin əvvəlindəki sıx buraxılış qrafikindən uzaqlaşdırır. "Sony"nin 28 yanvarda çıxacaq "Until Dawn 2" oyunu da bu dövrə düşür, şirkət isə adətən mart ayında "MLB The Show" seriyasının yeni hissəsini təqdim edir.