Mashable xəbər verir ki, "Google" "YouTube"un sosial funksiyalarını ayrıca tətbiqə çıxarmağı planlaşdıra bilər. Bu barədə məlumat "Android Authority" nəşrinin araşdırmasında yer alıb.

"Android Authority" mütəxəssisləri "YouTube"un "Android" üçün son versiyasında "Tamba" adlı layihəyə aid kod sətirləri və vizual elementlər aşkarlayıb. Onların arasında adi "YouTube" loqosunun daha sərbəst üslubda hazırlanmış variantını xatırladan loqo da var.

Kodda şəxsi mesajlar, qrup söhbətləri, bəyənmə funksiyası rolunu oynayan "ürəklər" və izləyici sorğuları kimi funksiyalara istinadlar tapılıb. Bu, şirkətin "YouTube" ətrafında qurulmuş sosial şəbəkə yaratmaq istədiyinə işarə ola bilər.

Bununla belə, "Tamba"nın tam müstəqil tətbiq, yoxsa "YouTube" daxilində sosial funksiyaların sınaqdan keçirildiyi eksperimental platforma olacağı hələlik bəlli deyil. Layihənin ümumiyyətlə istifadəçilərə təqdim edilməməsi ehtimalı da istisna olunmur. Mashable "Google"dan şərh istəsə də, cavab hələ gəlməyib.

Qeyd edək ki, "YouTube" son bir il ərzində tətbiqə birbaşa mesajlaşma kimi bəzi sosial funksiyalar əlavə etməyə başlayıb.