9to5Mac xəbər verir ki, "Apple" "iOS 27.3", "iPadOS 27.3" və "macOS 27.3" əməliyyat sistemlərinin ilk beta versiyalarını yayımlayıb. Yeniləmələr "Safari" brauzerinə şaquli tablar, adaptiv qaranlıq rejim və "Siri" süni intellektinin tablarla işləmə imkanını gətirib.

Yeni "Vertical Tabs" dizaynında tablar ekranın yuxarısında deyil, sol tərəfdə şaquli düzülür. Standart olaraq tablar yer qənaəti üçün ikon şəklində göstərilir, lakin panelin ölçüsünü dəyişməklə saytların adlarını da görmək mümkündür. Funksiyanı iPhone-da "Settings" tətbiqindəki "Safari" bölməsindən, Mac və iPad-də isə brauzerin "View" menyusundan aktivləşdirmək olar.

Apple "Safari" brauzerinə şaquli tablar və adaptiv qaranlıq rejim əlavə edib
9to5Mac

"Adaptive Dark Mode" funksiyası qaranlıq rejimi dəstəkləməyən saytlara bu rejimi avtomatik tətbiq edir. Cihazda qaranlıq rejim aktiv olduqda belə saytlarda "Try" düyməsi görünür və "Safari" saytın qaranlıq versiyasını yaradır. İstifadəçi funksiyanın avtomatik işləməsini və ya hər sayt üçün ayrıca seçilməsini tənzimləyə bilər.

Bundan əlavə, "Siri" artıq tabları köçürmək, sıralamaq, qruplaşdırmaq və bağlamaq kimi əmrləri birbaşa yerinə yetirə bilir. Gələcək yeniləmədə asistentin ekran məzmununu anlama qabiliyyəti yalnız görünən hissəni deyil, saytın bütün məzmununu əhatə edəcək.

Apple "Safari" brauzerinə şaquli tablar və adaptiv qaranlıq rejim əlavə edib
9to5Mac

Qeyd edək ki, şaquli tab dizaynını "The Browser Company" şirkətinin "Arc" brauzeri populyarlaşdırıb, lakin şirkət keçən il onun inkişafını dayandırıb və dekabrda brauzeri tamamilə bağlayacağını açıqlayıb. Yeniləmələrin hamı üçün dekabr ayında yayımlanacağı gözlənilir.