Tom's Hardware xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı San Bernardino Qraflığı Yanğından Mühafizə Dairəsi beş avtonom dron əldə edib. Dronlar meşə yanğınlarını genişlənməmişdən əvvəl söndürmək üçün istifadə olunacaq.
PR Newswire-da yayılan press-relizə görə, dronları "Seneca Systems" şirkəti təqdim edəcək. Şirkət dronlarla yanaşı səyyar əməliyyat bazası da quraşdıracaq.
Dronlar avtonom idarəetmə proqram təminatı ilə təchiz olunub. Bu sayədə bütün komandaya bir pilot nəzarət edə bilir. Beş dronluq dəstə hədəf əraziyə ümumilikdə 500 qallondan çox yanğınsöndürmə köpüyü çatdırmaq imkanına malikdir.
Mənbəyə görə, sistem gecə saatlarında əməliyyat aparmağa və çətin keçilən ərazilərə çatmağa da imkan verir. Belə yerlər adətən yerüstü yanğınsöndürmə komandaları üçün əlçatmaz olur.
Qeyd edək ki, Kaliforniyada meşə yanğınları hər il geniş ərazilərə ziyan vurur. San Bernardino isə ərazisinə görə ABŞ-ın ən böyük qraflığı hesab olunur.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





