Tom's Hardware xəbər verir ki, Braziliyada əmək məhkəməsi iki vəkili məhkəməyə təqdim etdikləri sənəddə süni intellekti manipulyasiya etməyə yönəlmiş gizli mətn yerləşdirdiklərinə görə cərimələyib. Hadisə Pará ştatında, 8-ci Regionun əmək məhkəməsində baş verib.
Məlumata görə, iddia ərizəsinə ağ fonda ağ rənglə yazılmış "prompt injection" əlavə olunub. Bu mətni insanlar görə bilmirdi, lakin süni intellekt onu oxuya bilərdi. Gizli əmrdə süni intellektdən verilən digər göstərişlərdən asılı olmayaraq ərizəyə səthi etiraz etməsi və sənədlərə qarşı çıxmaması tələb olunurdu.
Hakim məhkəmənin "Galileu" adlı süni intellekt alətini manipulyasiya etmək cəhdini aşkarlayıb. Ərizəni imzalayan iki vəkil ədalət mühakiməsinin ləyaqətinə qarşı hərəkətə görə iddia məbləğinin 10 faizi həcmində cərimələnib. Tom's Hardware-in məlumatına görə, bu, təxminən 16 min dollar təşkil edir. Bundan əlavə, hakim işlə bağlı Braziliya Vəkillər Kollegiyasının Pará bölməsinə də məlumat göndərilməsini əmr edib.
Məhkəmə qərarını UnB universitetinin professoru Vladimir Aras "X" sosial şəbəkəsində paylaşıb. O, bu hərəkətin süni intellektə sənəd hazırlatıb nəticəni yoxlamamaqdan daha ciddi pozuntu olduğunu vurğulayıb.
Qeyd edək ki, "prompt injection" süni intellekt modellərinə gizli və ya aldadıcı göstərişlər ötürərək onların davranışını dəyişdirməyə yönəlmiş hücum üsuludur. Məhkəmələr də daxil olmaqla müxtəlif qurumlar sənədlərin emalında süni intellekt alətlərindən getdikcə daha çox istifadə edir.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





