9to5Mac xəbər verir ki, "Anthropic" şirkəti "Claude" süni intellekt köməkçisi üçün "Personal Finance" adlı yeni funksiya təqdim edib. Bu funksiya istifadəçilərə bank və kart hesablarını təhlükəsiz şəkildə qoşmağa və maliyyə məlumatları barədə adi dildə sual verməyə imkan verir.

Şirkət vurğulayıb ki, "Claude"un hesablara girişi yalnız oxuma rejimindədir. Funksiya pul köçürə, hesabları idarə edə və ya investisiya qoya bilmir. Bundan əlavə, o, investisiya məsləhəti vermək üçün nəzərdə tutulmayıb.

Yeni imkan maliyyə məlumatlarını söhbət vasitəsilə izah etməklə yanaşı, onları idarə panelləri, təqvimlər və digər formatlarda da təqdim edə bilir. "Anthropic" süni intellektin səhv edə biləcəyini qeyd edərək, istifadəçilərə hər hansı rəqəmin arxasında hansı əməliyyatların durduğunu soruşmağı və vacib məlumatları bankla yoxlamağı tövsiyə edib.

Hesablar bankları tətbiqlərlə birləşdirən "Plaid" xidməti vasitəsilə qoşulur. İstifadəçi banka özü daxil olur və "Claude"a yalnız oxuma icazəsi verir, beləliklə, köməkçi bank şifrəsini nə tələb edir, nə də görür.

Qeyd edək ki, funksiya ABŞ-da ödənişli abunəçilər üçün mərhələli şəkildə təqdim olunur. Oxşar maliyyə funksiyası daha əvvəl "OpenAI"ın "ChatGPT" xidmətində də istifadəyə verilib.