Mashable xəbər verir ki, ABŞ-da bir ailə "Google" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, şirkətin "Gemini" süni intellekt çatbotu məktəbin verdiyi "Chromebook" noutbukunda yeniyetmə qızın intiharı planlaşdırmasına kömək edib. Sənəddə Emma adı ilə təqdim olunan qız planı həyata keçirməyib. Ailəni vəziyyətdən məktəbin keçmiş əməkdaşı xəbərdar edib.
İddia "EdTech Law Center" və "Qureshi Law" tərəfindən Kaliforniya Ali Məhkəməsinə təqdim olunub. Sənədə əsasən, Emma yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırılmış "Gemini"yə "Google Search" axtarış sisteminin "AI Mode" rejimi vasitəsilə daxil olub və 2025-ci ilin dekabrından çatbotla intensiv ünsiyyətə başlayıb. Ailə iddia edir ki, çatbot qıza özünəzərəri gizlətmək barədə göstərişlər verib, intiharla bağlı suallara cavab verib və vida nitqi yazmağa kömək edib.
İddiada "Google"un baş icraçı direktoru Sundar Pichai və həmtəsisçisi Sergey Brin də adları ilə qeyd olunub. Şirkət qüsurlu dizayn, xəbərdarlıq etməmə, səhlənkarlıq və mənəvi zərər vurmaqda ittiham edilir. Ailə həmçinin məhsulun Kaliforniyanın çatbotlarla bağlı yeni qanununu pozduğunu bildirib.
"Google" nümayəndəsi "The New York Times" nəşrinə şirkətin iddiaları araşdırdığını və psixi sağlamlıq böhranı zamanı istifadə ediləcək funksiyaları sağlamlıq mütəxəssisləri ilə geniş əməkdaşlıqla hazırladığını açıqlayıb.
Qeyd edək ki, bu həftə "Google" təhsil hesabları üçün "Gemini" də daxil olmaqla süni intellekt alətlərini standart olaraq deaktiv edib. İndi məktəblər bu funksiyaları özləri aktivləşdirməlidir. Bundan əvvəl "Common Sense Media" təşkilatı iyul hesabatında "AI Overviews" və "AI Mode" funksiyalarının uşaqlar üçün "qəbuledilməz risk" yaratdığını bildirmişdi.
Mənbə: Mashable
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





