Engadget xəbər verir ki, keçən ay "Electronic Arts" tərəfindən bağlanan "BioWare" studiyası haqqında "Massive Effect: The BioWare Story" adlı sənədli film hazırlanır. Deadline-ın məlumatına görə, filmin gələn il təqdim olunması gözlənilir. Çəkilişlərə studiya bağlanmazdan iki il əvvəl başlanılıb.
Filmi Kanadanın "Super Channel" kanalı sifariş edib. Prodüser Şeyn Fennessi bildirib ki, film Alberta çöllərindən çıxan bir qrup insanın oyun dünyasının ən sevilən studiyalarından birini necə qurduğunu iştirakçıların dilindən danışacaq. O əlavə edib ki, studiyanın bağlanması xəbərindən sonra komanda hekayənin necə bitdiyini də göstərməyə məsuliyyət daşıyır.
Film "BioWare"in 31 illik tarixini əhatə edəcək. Burada studiyanın təsisçiləri Rey Muzika, Qreq Zeşuk və Avqustin Yip, "Star Wars: Knights of the Old Republic" və "Mass Effect" oyunlarının rejissoru Keysi Hadson, aktrisa Cennifer Heyl, "EA"-nın keçmiş baş icraçı direktoru Con Riççitello və studiyanın bir sıra tərtibatçıları çıxış edəcək. Pərəstişkarlar xüsusi sayt vasitəsilə foto, video, kosplay və fan-art paylaşaraq filmdə yer ala bilərlər.
Qeyd edək ki, hazırda əsasən Səudiyyə Ərəbistanının "Public Investment Fund" fonduna məxsus olan "EA" son oyunları satış gözləntilərini doğrultmadığı üçün "BioWare"i bağlayıb. Əvvəlki ixtisarlardan sonra təxminən 50 əməkdaşı qalan studiya növbəti "Mass Effect" oyununun ilkin mərhələsi üzərində işləyirdi. Bloomberg-in məlumatına görə, "EA" "Mass Effect 5"-i maliyyələşdirmək əvəzinə resurslarını hələ rəsmi elan olunmayan "Star Wars Battlefront 3"-ə yönəldib.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





