TechCrunch "The Washington Post"a istinadən xəbər verir ki, "SpaceX" "EchoStar" şirkətindən "Boost Mobile" mobil operatorunu almağa çalışır. Sövdələşmə baş tutarsa, İlon Maskın şirkəti hibrid mobil-peyk şəbəkəsi qura və ABŞ-ın ən böyük simsiz rabitə provayderləri arasında dördüncü yerə yüksələ bilər.

Məlumata görə, Mask oktyabr ayında "EchoStar"ın idarə heyətinin sədri Çarli Erqenlə "Boost Mobile"un alınması barədə birbaşa danışıb. "EchoStar"ın "Boost Mobile" və "GenMobile" xidmətlərində təxminən 7,5 milyon abunəçisi var.

Mask daha əvvəl "AT&T", "T-Mobile" və "Verizon"a onların şəbəkələrində tutum almaq təklifi ilə müraciət edib, lakin üç şirkətin hamısı imtina edib. "Boost Mobile"un öz qüllələri yoxdur və o, "AT&T" ilə "T-Mobile"un şəbəkələrindən icarə əsasında istifadə edir. Bu səbəbdən sövdələşmə üçün həmin operatorların razılığı tələb oluna bilər, çünki şəbəkə icarələri adətən başqasına ötürülmür.

Sövdələşmənin əsas dəyəri yerüstü şəbəkəyə çıxış olacaq. Bu halda "Starlink" cihazları açıq məkanda əhatə edəcək, peyk siqnalı çatmayan yerlərdə isə mobil qüllələr işə düşəcək. "Boost" hazırda ABŞ-ın 48 bitişik ştatının böyük hissəsini əhatə edir.

Qeyd edək ki, "SpaceX" 2024-cü ildə "T-Mobile" abunəçilərinə peyk rabitəsi təqdim etməyə başlayıb, ötən il isə "EchoStar"dan 17 milyard dollarlıq radiotezlik spektri alıb. "AT&T", "T-Mobile" və "Verizon"un hər birinin 100 milyondan çox abunəçisi var.