GSMArena xəbər verir ki, "Samsung Galaxy S27" smartfonu Hindistanın Standartlar Bürosundan (BIS) sertifikat alıb. "SM-S952B/DS" model nömrəsi ilə qeydə alınan cihaz "S27" seriyasından bu bazaya düşən ilk model olub.

BIS siyahısında texniki xüsusiyyətlər göstərilməyib. Lakin eyni model nömrəsi əvvəllər NBD bazasında 6,3 düymlük ekran, "Exynos 2700" prosessoru, 12 GB operativ və 256 GB daxili yaddaşla görünüb.

Çinin 3C sertifikatı isə smartfonun 25 Vt-lıq simli şarjı dəstəklədiyini üzə çıxarıb. Bu məlumat sonradan "UL Solutions" tərəfindən də təsdiqlənib. Həmin göstərici "Galaxy S26" modelindəki şarj sürəti ilə eynidir.

Əvvəlki şayiələrə görə, "Galaxy S27" modelində sələfindəki "Samsung ISOCELL" sensoru əvəzinə "Sony" sensorlu 50 MP-lik əsas kamera olacaq. 12 MP-lik ultragenişbucaqlı və 10 MP-lik teleobyektiv kameraların isə dəyişməyəcəyi gözlənilir. Ön kamera 12 MP olacaq.

Qeyd edək ki, "Galaxy S27" artıq bir neçə sertifikasiya bazasından keçib. Hindistanda BIS sertifikatının alınması adətən cihazın bu bazarda satışa çıxarılacağına işarə edir.