TechCrunch xəbər verir ki, Almaniya hökuməti siyasətçiləri və tanınmış şəxsləri dövlət dəstəkli casus proqramların hədəfinə çevrildikləri barədə xəbərdar edib. Bu addım "Apple" şirkətinin istifadəçilərə "iPhone"larının sındırılmış ola biləcəyi ilə bağlı bildirişlər göndərməsindən bir neçə gün sonra atılıb.
Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsi (BSI) açıqlayıb ki, Bundestaq üzvləri və adı açıqlanmayan digər tanınmış şəxslər "Apple"-dan kiberhücumlara məruz qala biləcəkləri barədə xəbərdarlıq alıblar. "Financial Times"-ın məlumatına görə, hökumət sözçüsü Ştefan Kornelius Berlinin hadisəyə "çox ciddi yanaşdığını" bildirib, lakin hədəfdə kimlərin olduğunu, o cümlədən kansler Fridrix Merzin bu siyahıya daxil olub-olmadığını açıqlamayıb.
"Apple" hücumları konkret hökumətlərə aid etmir və cihazın həqiqətən sındırılıb-sındırılmadığını təsdiqləmir. Buna görə BSI bildiriş alan hər kəsə cihazının ələ keçirilmiş ola biləcəyini nəzərə almağı tövsiyə edib. Belə casus proqramlar çox vaxt istifadəçinin heç bir hərəkəti tələb olunmayan "zero-click" boşluqlardan istifadə edərək mesajları, məkan məlumatlarını və digər həssas məlumatları oğurlaya bilir.
Xəbərdarlıqlar yalnız Almaniyada deyil, digər ölkələrdə də göndərilib. Beyrutda yaşayan rejissor Radvan Mortadanın paylaşdığı bildirişə əsasən, "Apple"-ın son xəbərdarlıqları 99 ölkədəki istifadəçilərə çatıb. Hücumların arxasında kimin dayandığı hələlik məlum deyil.
Qeyd edək ki, hökumətlər bu cür alətləri adətən özləri hazırlamır, onları özəl şirkətlərdən satın alırlar. Bu sahədə ən tanınmış şirkət "Pegasus" casus proqramını satan İsrailin "NSO Group" şirkətidir. Məlumata görə, Almaniyanın Federal Kriminal Polis İdarəsi (BKA) 2019-cu ildə "Pegasus"-a çıxış əldə edib.
Mənbə: TechCrunch
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





