The Verge xəbər verir ki, "Apple" bu il standart "iPhone" modeli təqdim etməsə də, smartfon satışlarında rekord rüb qeydə alıb. Şirkətin dördüncü rüb hesabatına görə, "iPhone" gəliri 57,58 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Artım sentyabrda təqdim olunan "iPhone 18" seriyası ilə bağlıdır. Seriyaya daha bahalı "iPhone 18 Pro" və "Pro Max" modelləri daxil olub, şirkət eyni zamanda köhnə modellərin qiymətini də qaldırıb. İlk qatlanan smartfon olan "iPhone Duo"nun ilkin sifarişləri isə bu hesabata daxil edilməyib.

Digər istehsalçılar kimi, "Apple" da təchizat zənciri problemləri və yaddaş qiymətlərinin artması ilə üzləşib. Şirkətin baş icraçı direktoru Con Ternus bildirib ki, yaddaş xərclərinin artımı qismən ehtiyatlardakı məhsullar və digər komponentlərin ucuzlaşması hesabına kompensasiya olunub.

Ümumilikdə "Apple"ın gəliri 12 faiz artaraq 114,5 milyard dollara çatıb. "Mac" bölməsi 24 faiz böyüyərək 10,79 milyard dollar, xidmətlər bölməsi isə 31,57 milyard dollar gəlir gətirib. "iPad" gəliri isə 10 faiz azalaraq 6,23 milyard dollar olub.

Qeyd edək ki, "Apple" son həftələrdə ilk ağıllı ev ekranını, "LG" və "Schneider Electric" ilə birgə hazırlanan video zəngləri, təhlükəsizlik kameraları və qapı kilidlərini, həmçinin sensor ekranlı "MacBook Pro"nu təqdim edib.