The Verge xəbər verir ki, "Meta" biznes hesabları üçün şərtlərindən süni intellekt modellərini xəbər saytlarının məzmunu ilə öyrədə biləcəyini ehtimal etdirən ifadələri çıxarıb. Lakin hüquq ekspertləri bu dəyişikliklərin narahatlıqları aradan qaldırmadığını bildirib.

Oktyabrın 30-da qüvvəyə minəcək ilkin şərtlərdə "Meta"nın biznes hesabı ilə əlaqəli saytlardakı istənilən məzmundan öz məhsullarını hazırlamaq, araşdırmaq və öyrətmək üçün istifadə edə biləcəyi qeyd olunurdu. Ekspertlərin fikrincə, bu, şirkətə öz kommersiya şərtlərinin "robots.txt" faylındakı bloklama göstərişlərindən üstün olduğunu iddia etməyə imkan verə bilərdi.

Nəşriyyat sənayesinin sərt reaksiyasından sonra "Meta" toplanan məzmunla məhsullarını "öyrətmək" ifadəsini şərtlərdən çıxarıb. Bununla belə, Kornell Hüquq Məktəbinin professoru Ceyms Qrimmelmann məhsul və xidmətlərlə "əlaqəli" ifadəsinin şirkətə bütöv saytları toplamağa yenə də imkan verdiyini bildirib. "Loevy & Loevy" şirkətinin hüquqşünası Mett Topik isə "hazırlamaq" sözünün "öyrətmək" mənasını da əhatə edəcək qədər geniş olduğunu vurğulayıb.

"Meta" isə yeni şərtlərin xəbər məzmununu pulsuz toplamaq məqsədi daşımadığını açıqlayıb. Şirkətin sözçüsü Daniel Roberts bildirib ki, məzmun sahibləri öz seçimlərini "robots.txt" vasitəsilə göstərə bilər və yeniləmələr şirkətə bu seçimlərdən üstün olan yeni hüquqlar vermir.

Qeyd edək ki, "robots.txt" faylı uzun illərdir "Google" kimi axtarış sistemləri də daxil olmaqla, məzmun toplayan proqramlara saytın hansı hissələrini skan edə biləcəklərini bildirmək üçün istifadə olunur.