Wired xəbər verir ki, "Meta" şirkətinin baş icraçı direktoru Mark Zukerberq səkkiz il Kaliforniyada yaşamağa razılaşıb. Bu barədə məlumat şirkətin çərşənbə günü yaydığı tənzimləyici sənəddə yer alıb. Ştat seçiciləri gələn ay mübahisəli "Proposition 40" təşəbbüsünü dəstəkləsə, Zukerberq milyardlarla dollar birdəfəlik vergi ödəməli ola bilər.
109 səhifəlik sənədə görə, Zukerberq sentyabrın 9-da direktorlar şurasının üzvləri ilə şam yeməyində təşəbbüs səbəbindən Kaliforniyanı tərk etməyi düşündüyünü və Palo Altodakı evini satışa çıxarmağı planlaşdırdığını bildirib. Təşəbbüs ştatda yaşayan milyarderlərin 2026-cı ilin yanvarına olan səhm və digər aktivlərinə birdəfəlik 5 faiz vergi tətbiqini nəzərdə tutur.
Şuranın xüsusi komitəsi Zukerberqlə "Təsisçi uyğunlaşma razılaşması" imzalayıb. Şirkət səsvermə hüququ olmayan yeni səhm sinfi yaradacaq və bu səhmlər bütün səhmdarlara paylarına uyğun bölünəcək. Zukerberq yeni səhmlərin 20 faizini vergi ödəmək üçün sata biləcək, qalan 80 faizi isə yalnız Kaliforniyada qaldığı müddətdə səkkiz il ərzində hissə-hissə satmaq mümkün olacaq. Razılaşmada əslində onun "Meta"nın qərargahının yerləşdiyi ştatda qalması şərti qoyulub.
Sənəddə bildirilib ki, məqsəd Zukerberqin şirkəti Kaliforniyadan, "Meta Superintelligence Labs" bölməsinə yaxın şəkildə idarə etməsini təmin etməkdir. Komitə həmçinin COVID-19 pandemiyası dövründə rəhbərin komanda ilə fiziki olaraq bir yerdə ola bilməməsinin yaratdığı çətinlikləri nəzərə alıb.
Qeyd edək ki, Zukerberq bu ilin fevralında Floridada ev alıb. "Google"un həmtəsisçiləri Sergey Brin və Larri Peycin də potensial vergi səbəbindən Kaliforniyanı tərk etdiyi güman edilir. Son sorğulara görə, əleyhinə təxminən 129 milyon dollar xərclənmiş "Proposition 40" kifayət qədər səs toplamaya bilər.
Mənbə: Wired
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





