Tom's Hardware xəbər verir ki, İran Hörmüz boğazından keçən bir neçə sualtı fiber-optik kabeli "qanuni yeni hədəflər" adlandırıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü general Hüseyn Mohebbi bu həftə keçirilən tədbirdə danışıb. Onun sözlərini "The Telegraph" nəşri yayıb.
Mohebbinin bildirdiyinə görə, Hörmüz boğazının altından yeddi böyük kabel keçir və bütün internet və kommersiya məlumatları onlar vasitəsilə ötürülür. General bu kabellərin gələcək hücumlar üçün qanuni hədəf ola biləcəyini vurğulayıb.
İİKK-nin siyasi müavini general Yədullah Cavani isə İranın infrastrukturuna hücum edilərsə, ölkənin cavab olaraq həmin kabelləri vuracağını eyham edib. Onun açıqlaması "Iran International" tərəfindən yayılıb.
Qeyd edək ki, Hörmüz boğazı fevral ayında ABŞ, İsrail və digər ölkələrin hərbi əməliyyatlara başlamasından sonra gərginlik ocağına çevrilib. Sualtı kabellər qlobal internet trafikinin və məlumat mübadiləsinin əsas daşıyıcısı hesab olunur, onların zədələnməsi geniş regionda rabitə problemlərinə səbəb ola bilər.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




