TechCrunch "Bloomberg"-ə istinadən xəbər verir ki, Çinin "DeepSeek" süni intellekt laboratoriyası təxminən 15 milyard dollar, yəni 100 milyard yuan investisiya cəlb edib. Bu, ABŞ-ın federal mülki qurumlara təhlükəsizlik səbəbindən şirkətin texnologiyalarını sistemlərindən çıxarmağı əmr etməsindən cəmi iki gün sonra baş verib.
Hesabata görə, potensial investorlar arasında batareya istehsalçısı "CATL" və "WeChat"in sahibi "Tencent" də var. Raund Çində indiyədək keçirilən ən böyük maliyyələşmələrdən biri hesab olunur.

Xatırladaq ki, "DeepSeek" iyunda 50 milyard dollar dəyərləndirmə ilə 7 milyard dollardan çox vəsait toplayıb. İyulda isə şirkətin təxminən 71 milyard dollar dəyərləndirmə ilə əlavə 1,5 milyard dollar axtardığı və gələn il Çində birjaya çıxmağı planlaşdırdığı bildirilib. Hanqcouda yerləşən startap süni intellekt infrastrukturuna və açıq modellərə xərclərini artırır.
Qeyd edək ki, "DeepSeek" 2023-cü ildə "High-Flyer" hedc-fondunun həmtəsisçisi Liang Venfenq tərəfindən yaradılıb. Şirkət 2025-ci ilin əvvəlində pulsuz, açıq çəkili "R1" mühakimə modeli ilə dünya miqyasında diqqət çəkib. Çində digər süni intellekt şirkətləri də böyük vəsait cəlb edir: "Moonshot AI" may ayında 20 milyard dollar dəyərləndirmə ilə 2 milyard dollar toplayıb.

Mənbə: TechCrunch
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





