Tom's Hardware xəbər verir ki, ABŞ-da uzun illərdir fəaliyyət göstərməyən üç nüvə reaktoru yenidən işə salınır. Bu addım süni intellekt məlumat mərkəzlərinin artan enerji tələbatı fonunda atılır.

Məlumata görə, söhbət Michigan ştatındakı "Palisades" Atom Elektrik Stansiyasından, Pensilvaniyada Three Mile Island adasında yerləşən "Crane Clean Energy Center"dən və Ayova ştatındakı "Duane Arnold Energy Center"dən gedir. Reaktorların hamısı uzun müddət xidmətdən kənarda qalıb.

Yenidən istismara verildikdən sonra bu üç reaktorun elektrik şəbəkəsinə ümumilikdə 2,25 GW güc verəcəyi gözlənilir.

Qeyd edək ki, süni intellekt məlumat mərkəzlərinin hazırkı və gələcəkdə gözlənilən enerji istehlakı son dövrlərdə geniş müzakirə mövzusuna çevrilib. Texnologiya şirkətləri bu ehtiyacı ödəmək üçün nüvə enerjisi kimi sabit mənbələrə getdikcə daha çox maraq göstərir.