Wired xəbər verir ki, "WhatsApp"ın internet saytındakı onlarla yardım və tez-tez verilən suallar səhifəsi şirkətin öz çatbotu üçün nəzərdə tutulmuş daxili təlimatları təsadüfən ifşa edib. Bu barədə məxfilik sahəsində çalışan "Redact" şirkəti məlumat yayıb.
Analizə görə, təxminən 80 səhifənin kodunda "Meta"nın böyük dil modeli üçün yazılmış 100-ə yaxın gizli mətn bloku olub. Onların bəzilərində "Nə deməmək lazımdır" başlıqlı bölmələr yer alıb. Məsələn, hesabın silinməsinə dair səhifədə çatbota istifadəçilərə məlumatların qorunması orqanlarına və ya tənzimləyicilərə müraciət etməyi tövsiyə etməmək tapşırılıb.
Digər təlimatlarda istifadəçi məhkəmə, vəkil və ya iddia barədə danışarsa, "WhatsApp"ın xidmət şərtlərinə və məxfilik siyasətinə istinad etməmək, hüquqi rəy verməmək, həmçinin GDPR kimi məlumat qorunması qaydalarını şərh etməmək bildirilib. Çatbota hələ hamı üçün əlçatan olmayan funksiyalardan danışmamaq da tapşırılıb.
"WhatsApp"ın sözçüsü Joshua Breckman bildirib ki, mətnlər proqram xətası səbəbindən görünürmüş və problem aradan qaldırılıb. Onun sözlərinə görə, bunlar istifadəçilərə deyil, dəstək xidmətindəki çatbota ünvanlanmış təlimatlardır və şirkət çatbotun hüquqi məsləhət yox, məhsulla bağlı kömək verməsini istəyir.
Qeyd edək ki, Wired "Meta" ilə əlaqə saxladıqdan sonra mətnlər bütün səhifələrdən silinib. Təlimatların nə qədər müddət görünən olduğu və üçüncü tərəf çatbotlarının onlara çıxış əldə edib-etmədiyi məlum deyil.
Mənbə: Wired
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





