The Register xəbər verir ki, şifrələnmiş mesajlaşma tətbiqi "Signal"ın zəng kitabxanasında aşkarlanan boşluq zəngin düzgün bitməsinə mane ola bilər. Nəticədə istifadəçi zəngi bitirdiyini düşünsə də, səs və ehtimal ki, video ötürülməsi aktiv qala bilər.
CVE-2026-113380 nömrəli zəiflik MITRE tərəfindən çərşənbə axşamı dərc edilib və CVSS şkalası üzrə 9.3 bal alaraq kritik kimi qiymətləndirilib. Problem "Signal"ın açıq mənbəli "RingRTC" kitabxanasının 2.72.0-dan əvvəlki bütün versiyalarına aiddir. Düzəliş ötən ay yayımlanıb, lakin zəiflik yalnız indi ictimaiyyətə açıqlanıb.
Hesabata görə, zəngdə iştirak edənlərdən biri zəngləri idarə edən hadisə növbəsini sorğularla doldurduqda sistem yüklənir və zəngin bitirilməsi sorğusunu emal edə bilmir. Hücumun mürəkkəbliyi aşağı hesab edilir, lakin CISA-nın məlumatlarına görə, zəifliyin real hücumlarda istifadə olunduğu qeydə alınmayıb.
Yeni versiyada zəngin bitirilməsi sorğusu hadisə növbəsindən asılı olmadan aşkarlanır, həmçinin emalın ilişib qalmasının qarşısını almaq üçün vaxt limiti əlavə edilib. Mütəxəssislər istifadəçilərə mobil və masaüstü tətbiqləri ən son versiyaya yeniləməyi tövsiyə edir.
Qeyd edək ki, "RingRTC" 2011-ci ildə təqdim olunmuş və internet üzərindən səsli və görüntülü əlaqə üçün geniş istifadə edilən "WebRTC" texnologiyası əsasında qurulub. "Signal Desktop"ın buraxılış tarixçəsinə görə, düzəliş edilmiş versiya sentyabrda tətbiqə daxil edilib, lakin "Android" və "iOS" üçün dəqiq tarixlər məlum deyil.
Mənbə: The Register
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




