Mashable xəbər verir ki, "OpenAI" şirkəti süni intellekt modellərinin "PHP" proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluqlarının aşkarlanmasına kömək etdiyini açıqlayıb. "PHP2SHELL" adlandırılan zəifliklər hücumçulara "PHP" ilə işləyən serverləri ələ keçirməyə imkan verə bilərdi.
Şirkətin məlumatına görə, "Calif" təhlükəsizlik şirkəti boşluqlardan birini "OpenAI"-ın "Patch the Planet" proqramı çərçivəsində "GPT-5.6 Sol" modeli ilə tapıb. "Wiz" şirkəti isə hər iki zəifliyi müstəqil şəkildə aşkarlayıb. Düzəlişlər üzərində işə "PHP" tərtibatçıları rəhbərlik edib, "Cloudflare" və digər tərəfdaşlar da prosesə qoşulub.

"OpenAI" prezidenti Qreq Brokman bildirib ki, xəta "PHP"-də 14 il mövcud olub. Açıqlama oktyabrın 22-nə planlaşdırılsa da, detallar vaxtından əvvəl sızdığı üçün yamalar bir gün tez yayımlanıb. Yeniləmə prosesi zamanı "Wikipedia" müvəqqəti əlçatmaz olub, "Wikimedia Foundation" bunu zəifliklərlə əlaqələndirib. Yaponiyanın baş naziri isə sayt sahiblərini yeniləməni dərhal quraşdırmağa çağırıb.
Şirkət oxşar kəşflərin yaxın aylarda kəskin artacağını gözləyir və boşluqların açıqlanması üçün yeni koordinasiya modeli təklif edir. "OpenAI" vacib xidmətləri qoruyan təşkilatlara təhlükəsizlik alətlərinə güzəştli çıxış üçün 1 milyard dollar ayırdığını, həmçinin saytların zəif "PHP" versiyasından istifadə edib-etmədiyini yoxlayan alət buraxdığını bildirib.

Qeyd edək ki, "PHP" internetdəki saytların böyük hissəsinin əsasında dayanır. Adi istifadəçilərin heç nə quraşdırmasına ehtiyac yoxdur, düzəlişlər saytları idarə edən şirkətlərin üzərinə düşür. Bu il "GPT-5.6 Sol" və "Claude Mythos" kimi modellər səbəbindən aşkarlanan boşluqların sayı sürətlə artıb.
Mənbə: Mashable
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





