GSMArena xəbər verir ki, "Samsung" yalnız Çin bazarı üçün nəzərdə tutulan yeni lüks qatlanan smartfonu "W27"ni təqdim etməyə hazırlaşır. Tanınmış insayderin məlumatına görə, cihaz oktyabrın 29-da təqdim olunacaq və texniki göstəriciləri "Galaxy Z Fold8 Ultra" ilə eyni olacaq.

Sızan fotoşəkildə smartfonun arxa paneli görünür. Cihaz tünd göy rəngdədir, çərçivəsində və kamera blokunda qızılı detallar, aşağı hissədə isə "W" seriyasının qızılı möhür loqosu yer alıb. Üçlü kamera və həb formalı kamera adası "Fold8 Ultra"dakı ilə eynidir.

"Samsung" Çin üçün lüks qatlanan smartfonu "W27"ni oktyabrın 29-da təqdim edəcək
GSMArena

Gözləntilərə görə, "W27" "Snapdragon 8 Elite Gen 5" prosessoru, 8 düymlük qatlanan ekran, 120 Hz yenilənmə tezliyinə malik 6,5 düymlük xarici ekran, 200 MP-lik əsas kamera və 5000 mAh tutumlu batareya ilə təchiz olunacaq. Modelin standart olaraq 16 GB operativ yaddaşa malik olacağı ehtimal edilir. Qiyməti hələlik açıqlanmayıb.

Qeyd edək ki, "Samsung" hər il "China Telecom" vasitəsilə satılan "Fold" modelinin daha dəbdəbəli versiyasını buraxır. Ötən ilin "W26" modeli "Galaxy Z Fold7" əsasında hazırlanmışdı və Çinin "Tiantong" sistemi vasitəsilə peyk üzərindən zəng və mesajlaşma imkanı təklif edirdi. Onun qiyməti 16 999 yuandan (2390 dollar) başlayırdı, 1 TB-lıq versiya isə 18 999 yuana (2670 dollar) satılırdı.