The Register xəbər verir ki, "Hewlett Packard Enterprise" (HPE) dördüncü nəsil "Spaceborne Computer" sistemini "Astrolab" şirkətinin "FLIP" ay roveri ilə Aya göndərir. NASA-nın "Commercial Lunar Payload Services" proqramı çərçivəsində rover bu ilin sonunadək "Falcon Heavy" raketi və "Astrobotic"in "Griffin-1" eniş aparatı vasitəsilə Ayın cənub qütbündəki Mons Mouton ərazisinə endiriləcək.
"Spaceborne Computer 4" aşağı enerji sərfiyyatlı prosessor, qrafik prosessor və cəmi 1 TB həcmində iki güzgülənmiş "Kioxia" SSD diski ilə təchiz olunub. Çiplərin istehsalçısı isə missiyanın yüksək riskli olması səbəbindən açıqlanmayıb. Sistem təxminən 5x10 düym ölçüsündə və bir düym qalınlığındadır.

NASA bir illik missiya ərzində kompüterdə böyük dil modelləri, o cümlədən göyərtədəki sənədlərdə axtarış üçün RAG sistemi və kamera, LiDAR məlumatlarının maşın öyrənməsi ilə təhlilini sınaqdan keçirəcək. Bundan başqa, HPL və HPCG testləri aparılacaq ki, bu da səma cismindən "Top500" reytinqinə ilk müraciət olacaq.
HPE-nin kosmik texnologiyalar üzrə baş alimi Mark Fernandez bildirib ki, sistem əsasən adi komponentlərdən yığılıb, radiasiyadan qorunma isə proqram təminatı səviyyəsində həyata keçirilir. "Astrolab"ın baş icraçı direktoru Jaret Matthews isə məhdud ötürmə qabiliyyəti səbəbindən xam məlumatların yerində emal edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, HPE illərdir Beynəlxalq Kosmik Stansiya üçün hesablama platformaları hazırlayır. Uzunluğu təxminən 2,13 metr, çəkisi yarım ton olan "FLIP" isə "Apollo" proqramından sonra ABŞ-ın Aya göndərdiyi ən böyük rover olacaq.
Mənbə: The Register
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




