The Verge xəbər verir ki, "Spotify" son bir il ərzində süni intellektlə yaradılmış keyfiyyətsiz məzmun və ya spam kimi qiymətləndirilən 50 milyondan çox mahnını istifadəçi tövsiyələrindən çıxarıb. Şirkət bununla yanaşı tövsiyə sistemində dəyişikliklər edərək real ifaçıların musiqisini daha çox önə çıxarmağa başlayıb.

Şirkətin açıqlamasına görə, redaktorlar da belə məzmunu pleylistlərə daxil etmir. "Spotify" bildirib ki, dəyişikliklərdən sonra dinləyicilərin bu cür mahnıların tövsiyələrdə görünməsi ilə bağlı narahatlıqları nəzərəçarpacaq dərəcədə azalıb.

"Spotify" tövsiyələrdən 50 milyondan çox süni intellekt və spam mahnını çıxarıb
The Verge

Platforma bütün süni intellekt mahnılarının işarələnməsini məcburi etməsə də, real şəxsi təmsil etməyən virtual ifaçılar üçün "AI Persona" nişanı təqdim edib. Belə ifaçıların musiqisi tövsiyə olunmayacaq. Mahnının keyfiyyətsiz süni intellekt məhsulu olub-olmadığını müəyyənləşdirmək üçün dinləyici aktivliyi və rəyləri, yükləmə qanunauyğunluqları, metadata və üçüncü tərəf aşkarlama alətlərindən istifadə edilir.

Qeyd edək ki, keçən il "Spotify" spam kimi müəyyən edilmiş 75 milyondan çox mahnını silib. Digər platformalar daha sərt mövqe tutur: "YouTube Music" süni intellekt mahnılarını işarələyir, "Deezer" onları filtrləmək imkanı verir, "Bandcamp" isə belə musiqini tamamilə qadağan edib. "Spotify" eyni zamanda "Universal Music Group" və "Believe" ilə birlikdə süni intellekt remiksləri yaratmaq üçün alət üzərində işləyir.