Yunanıstan 15 yaşadək uşaqlar üçün sosial şəbəkə qadağasını qəbul edib
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və "TikTok", "Instagram", "Facebook" və "X" kimi platformaları əhatə edəcək.
Engadget xəbər verir ki, Yunanıstan parlamenti 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qəbul edib. Baş nazir Kiriakos Mitsotakisin bu ilin əvvəlində elan etdiyi və "çətin, amma zəruri" adlandırdığı qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qadağa "TikTok", "Instagram", "Facebook" və "X" kimi platformalara şamil olunur. Bu xidmətlər mütənasib və etibarlı yaş yoxlaması üsulları tətbiq etməlidir. Tələblərə əməl etməyən platformalar Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı çərçivəsində cərimələnəcək.
Valideynlər uşağın cihazına qoşulan və girişi bloklayan dövlət dəstəkli "Kids Wallet" və ya "Gov.gr" tətbiqlərini yükləməli olacaq. Rəqəmsal idarəetmə və süni intellekt naziri Dimitris Papasterqiu bildirib ki, bu tətbiqlər "yaş tokenləri" vasitəsilə şəxsi məlumatların minimum açıqlanması ilə yaşı təsdiqləyir.
Qanun layihəsinə azlıqda olan partiyalar etiraz edib, lakin Mitsotakis hökumətin parlament çoxluğundan istifadə edərək onu qəbul etdirib. Rəy sorğularına görə, qadağa yetkin əhali arasında geniş dəstək qazanıb.
Qeyd edək ki, Yunanıstan 2024-cü ildə məktəblərdə mobil telefonları qadağan edib. Avropa Komissiyası isə bu yaxınlarda yalnız 13 yaşadək uşaqlar üçün tam qadağa nəzərdə tutan "EU Kids Act" qanununu təqdim edib. Uşaqlar üçün tam sosial şəbəkə qadağası tətbiq edən ilk ölkə Avstraliya olub, lakin orada yaş yoxlamasının həyata keçirilməsi çətin olub.
Mənbə: Engadget