"Wikipedia" və "Internet Archive" fəaliyyətini müvəqqəti dayandırıb: səbəb "PHP" boşluqlarıdır
Dünyanın ən böyük məlumat resurslarından ikisi bir neçə saat əlçatmaz olub, daha sonra fəaliyyətini bərpa edib.
"Mashable" xəbər verir ki, 21 oktyabr, çərşənbə günü "Internet Archive" və "Wikipedia" saytlarında nasazlıq qeydə alınıb. "DownDetector" xidmətinin məlumatına görə, problemlər Şərq vaxtı ilə təxminən saat 10:00-11:00 radələrində başlayıb.
"Wikipedia"-nı idarə edən "Wikimedia Foundation"-ın nümayəndəsi bildirib ki, nasazlıq "PHP" proqramlaşdırma dilində yeni aşkarlanmış təhlükəsizlik boşluqları ilə bağlıdır. Onun sözlərinə görə, problem "PHP"-nin bütün məlum versiyalarına aiddir və yalnız fonda xas deyil. Fond bir sıra digər sistemləri də yamaq tətbiq olunana qədər ehtiyat tədbiri olaraq söndürüb.
"Internet Archive" isə saytda problem yarandığını "X" sosial şəbəkəsindəki paylaşımında təsdiqləyib. "Wikimedia"-nın status səhifəsində hadisə "Təcili texniki xidmət" kimi qeyd olunub. İki nasazlığın bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Şərq vaxtı ilə saat 14:00 radələrində hər iki sayt yenidən işləməyə başlayıb. Bununla belə, "Wikipedia"-nın status səhifəsində problem hələ də həll olunmamış kimi göstərilib.
Qeyd edək ki, "Internet Archive" veb-səhifələrin köhnə versiyalarına baxmağa imkan verən məşhur "Wayback Machine" xidmətini idarə edir. "PHP" isə "Wikipedia" daxil olmaqla vikilərin əksəriyyətinin əsasında dayanan proqramlaşdırma dilidir.
Mənbə: Mashable