"UK Biobank" məlumat sızmasından aylar sonra platformasını yenidən açmağa hazırlaşır

500 min könüllünün sağlamlıq məlumatlarının satışa çıxarılmasından sonra xeyriyyə təşkilatı platformanın artıq təhlükəsiz olduğunu açıqlayıb.

The Register

The Register xəbər verir ki, "UK Biobank" (UKB) xeyriyyə təşkilatı aprel ayında baş verən böyük məlumat sızmasından sonra tədqiqat platformasının artıq təhlükəsiz olduğunu və alimlərin tezliklə ona yenidən çıxış əldə edəcəyini bildirib. Həmin hücumdan sonra 500 min könüllünün məlumatları Çinin "Alibaba" elektron ticarət saytında satışa çıxarılmışdı.

Təşkilatın baş icraçı direktoru professor ser Rori Kollinz bildirib ki, "UKB-RAP" platformasının təhlükəsizliyi ilə bağlı işlər tamamlanıb və müstəqil kibertəhlükəsizlik şirkəti platformanın yenidən açılmasını tövsiyə edib. Hazırda təşkilat sağlamlıq məlumatlarına nəzarət edən qurumların və Böyük Britaniya hökumətinin icazəsini gözləyir.

Tədqiqatçılar platformaya mərhələli şəkildə qaytarılacaq və ilkin dövrdə nəticə fayllarını yükləyə bilməyəcəklər. Yüklənəcək fayllar əvvəlcə insanlar tərəfindən yoxlanılacaq, avtomatlaşdırılmış sistemin isə gələn il tətbiqi gözlənilir. Bundan əlavə, 15 dəqiqəlik fəaliyyətsizlikdən sonra avtomatik çıxış, yenidən girişdə ikifaktorlu autentifikasiya tətbiq ediləcək, SSH vasitəsilə qoşulma isə qadağan olunacaq.

Kollinz bəzi kod repozitorilərində hələ də iştirakçıların anonimləşdirilmiş məlumatlarının aşkarlandığını və məsul tədqiqatçılara qarşı sanksiyalar tətbiq olunduğunu bildirib. Məlumatları silməyən alimlər platformaya buraxılmayacaq.

Qeyd edək ki, platformadan 20 mindən çox tədqiqatçı istifadə edir və təxminən 30 petabayt həcmində məlumat təqdim olunur. Bu məlumatlar 2006-2010-cu illərdə 40-69 yaşlı könüllülərdən toplanıb və xərçəng, demensiya, Parkinson xəstəliyi kimi xəstəliklərin araşdırılmasında istifadə olunur.

Mənbə: The Register