"TikTok" alış-veriş üçün ayrıca "TikTok Shop" tətbiqini istifadəyə verib

Yeni tətbiq hələlik yalnız Cənub-Şərqi Asiyanın dörd ölkəsində əlçatandır, ABŞ və Böyük Britaniyada isə yoxdur.

The Verge

The Verge xəbər verir ki, "TikTok" onlayn alış-veriş xidməti olan "TikTok Shop" üçün ayrıca tətbiq buraxıb. Tətbiqi ilk dəfə sosial media məsləhətçisi Matt Navarra aşkarlayıb.

"App Store"dakı təsvirə görə, tətbiq istifadəçinin maraqlarına əsaslanan fərdi tövsiyələr, məhsulları nümayiş etdirən canlı yayımlar və qısa videolar təklif edir. Bundan başqa, yalnız tətbiqə məxsus endirimlər, pulsuz çatdırılma, ilk sifariş üçün xüsusi üstünlüklər, təhlükəsiz ödəniş, sifarişin izlənməsi və 24/7 dəstək xidməti də vəd olunur.

"Android" platformasında da mövcud olan tətbiq hələlik geniş istifadəyə verilməyib. Navarranın sözlərinə görə, o, hazırda Sinqapur, Tailand, Malayziya və Filippində əlçatandır, ABŞ və Böyük Britaniyanın "App Store" mağazalarında isə yer almır.

Qeyd edək ki, ayrıca tətbiqin yaradılması "TikTok"un onlayn ticarət sahəsində fəaliyyətini daha da genişləndirməyi planlaşdırdığına işarə ola bilər. Şirkət mövzu ilə bağlı sorğuya dərhal cavab verməyib.

Mənbə: The Verge