"The New York Times" məzmun oğurluğu iddiası ilə "Brave" brauzerini məhkəməyə verib
Qəzet brauzer şirkətini müəllif hüquqları ilə qorunan materialları toplayıb süni intellekt şirkətlərinə satmaqda ittiham edir.
TechCrunch xəbər verir ki, "The New York Times" məxfiliyə yönəlmiş "Brave" brauzerinin yaradıcısı olan şirkəti məhkəməyə verib. İddiaya görə, "Brave" nəşrin müəllif hüquqları ilə qorunan məzmununu toplayaraq qanunsuz şəkildə "Anthropic", "Perplexity", "Mistral", "xAI" və "Cohere" kimi müştərilərə ötürüb.
Həmin gün "Daily News", "Chicago Tribune" və "Orlando Sentinel" də oxşar iddia qaldırıb. Hər iki iddia Manhettendəki federal məhkəməyə təqdim olunub.
"The New York Times" iddiada "Brave"i süni intellekt şirkətləri üçün oğurlanmış məzmunun "təchizatçısı və distribyutoru" adlandırıb. Sənədə əsasən, şirkət naməlum veb-tarayıcı vasitəsilə 30 milyarddan çox veb-səhifədən ibarət indeks yaradıb və nəşriyyatlar onu bloklaya bilməyib. İddia həmçinin brauzerin ödənişli giriş məhdudiyyətlərini keçən funksiyasını və nəşriyyatların reklamlarını bloklayıb öz reklamlarını satmaq praktikasını hədəf alır.
Qəzet məhkəmədən qadağa qərarı və təzminat tələb edir. "Brave" məsələ ilə bağlı şərh sorğusuna dərhal cavab verməyib.
Qeyd edək ki, "The New York Times" daha əvvəl oxşar iddialarla "OpenAI" və "Perplexity" şirkətlərini də məhkəməyə verib. 2015-ci ildə yaradılan "Brave" özəl bazar məlumatlarına görə, indiyədək təxminən 250 milyon dollar investisiya cəlb edib.
Mənbə: TechCrunch