Tədqiqat: "Grok" respublikaçılara, "GPT" isə demokratlara səs verməyi tövsiyə edir
Seçki tövsiyəsi verməyə məcbur edilən iki süni intellekt modeli təxminən 500 seçki yarışında 10 faizdən az hallarda eyni namizədi seçib.
TechCrunch xəbər verir ki, "Convovo" tədqiqat studiyasının araşdırmasına görə, ABŞ-da qarşıdan gələn aralıq seçkilərdə namizəd seçməyə məcbur edildikdə "SpaceXAI"-ın "Grok 4.7" modeli cavabların 92 faizində respublikaçı, "OpenAI"-ın "GPT-6.1 Sol" modeli isə 97 faizində demokrat namizədi tövsiyə edib. Təxminən 500 seçki yarışında iki model 10 faizdən az hallarda razılaşıb.
Kornel Universitetinin professoru Tapan Parikhin rəhbərlik etdiyi tədqiqatçılar modellərə API vasitəsilə birbaşa kimə səs verməli olduqlarını soruşublar. İstehlakçı tətbiqləri isə cavab verməkdən imtina edib. "OpenAI" nümayəndəsi bildirib ki, "ChatGPT" defolt olaraq obyektiv olmaq üçün hazırlanıb və API istifadəçilərin real təcrübəsini əks etdirmir.
Araşdırmaya görə, "Grok" cavabların 41 faizində "X" platformasına, 39 faizində xristian mühafizəkar seçici bələdçisinə istinad edib. "GPT" isə əsasən "Wikipedia", "Associated Press", "Axios" və "Reddit" mənbələrinə üstünlük verib. Bundan əlavə, "Grok" API-yə göndərilən hər sorğuya tədqiqatçıların görmədiyi təxminən 1240 tokenlik əlavə məlumat qoşulduğu aşkarlanıb.
İnternet axtarışı söndürüldükdə "GPT" 30 yarışdan 24-ündə yenə demokratı seçib, "Grok" isə 27 halda seçim etməkdən imtina edib. Parikhin sözlərinə görə, "GPT"-nin meyli modelin özündə, "Grok"-un nəticəsi isə axtarış sorğuları və mənbələrdən asılıdır.
Qeyd edək ki, aralıq seçkilər noyabrın 3-də keçiriləcək. İlon Mask bu seçkilərdə respublikaçı namizədlərə 445 milyon dollardan çox vəsait ayırıb, "OpenAI"-ın rəhbəri Sem Altman isə bu il seçkilərə pul xərcləmədiyini bildirib.
Mənbə: TechCrunch