Taction "Apple"dan 2035-ci ilədək "iPhone" və "Apple Watch" satışlarından pay istəyir
5,7 milyard dollarlıq patent hökmündən sonra şirkət əlavə kompensasiya, faiz və davamlı royalti ödənişləri tələb edib.
9to5Mac xəbər verir ki, "Apple"a qarşı 5,7 milyard dollarlıq patent pozuntusu hökmündən sonra "Taction Technology" şirkəti əlavə kompensasiya, faiz və gələcək "iPhone" və "Apple Watch" satışlarından davamlı royalti ödənişləri tələb edib. Vəsatəti ilk olaraq "Reuters" aşkarlayıb.
Ötən ayın sonunda ABŞ-da münsiflər heyəti "Apple"ın "Taptic Engine" texnologiyasının "Taction"a məxsus iki patenti pozduğu qənaətinə gəlib. "Apple" hökmlə razılaşmayıb, məhkəmədən onu ləğv etməyi və ya yeni proses təyin etməyi xahiş edib. Şirkət münsiflərin "geniş miqyaslı yolverilməz təxminlərə" əl atdığını bildirib.
"Taction"ın sözlərinə görə, təyin olunan məbləğ yalnız 2026-cı ilin martına qədərki satışları əhatə edir. Şirkət 2021-ci ilin aprelindən hesablanan 7 faizlik illik faiz, həmçinin "iPhone 18 Pro", "iPhone 18 Pro Max", "Apple Watch Series 12" və "Apple Watch Ultra 4" kimi yeni cihazlara da royalti tətbiq olunmasını istəyir. Bunun üçün o, "Apple"ın vaxtilə "Samsung"a qarşı məhkəmədə istifadə etdiyi arqumentlərə istinad edib.
Şirkət "Apple"ın ABŞ satışları barədə rüblük hesabat təqdim etməsini və ödənişlərin hər rübün bitməsindən sonra 30 gün ərzində həyata keçirilməsini tələb edir. Royalti ödənişlərinin patentlərin müddətinin bitəcəyi 24 sentyabr 2035-ci il tarixinədək davam etməsi təklif olunur.
Qeyd edək ki, hakim hələ münsiflər heyətinin qərarını yekun hökm kimi təsdiqləməyib. Buna görə də 5,7 milyard dollarlıq məbləğ, "Taction"ın əlavə tələbləri və "Apple"ın hökmün ləğvi ilə bağlı vəsatəti hələlik həllini gözləyir.
Mənbə: 9to5Mac