The Verge xəbər verir ki, "SpaceX" üçüncü rüb üzrə maliyyə hesabatını açıqlayıb. Şirkətin gəliri 14,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 161 faiz çoxdur. Şirkət artımı əsasən "Super Intelligence" (SI) adlandırdığı süni intellekt bölməsi və rabitə xidmətlərinin sürətli inkişafı ilə izah edib.

SI bölməsinin gəlirləri 830 faiz artaraq 7,6 milyard dollara çatıb. Bunun səbəbi kimi yeni bulud xidməti müqavilələri, "Cursor"un alınması və "Grok"dan istifadənin həm korporativ müştərilər, həm də adi istifadəçilər arasında genişlənməsi göstərilib. Bölmənin əməliyyat gəliri 431 milyon dollar olub.

"Starlink"i əhatə edən rabitə bölməsi 5,2 milyard dollar gəlir və 2,4 milyard dollar əməliyyat gəliri əldə edib, xidmətin fərdi abunəçilərinin sayı 13,6 milyona çatıb. Kosmos bölməsinin gəlirləri isə 6 faiz artaraq 1,8 milyard dollar olsa da, bölmə 7 milyon dollar əməliyyat zərəri ilə üzləşib.

"X" platformasında yayımlanan görüşdə İlon Mask "SpaceX"in gələn ay "Starship"i və onun sürətləndiricisini tutmağa cəhd edəcəyini, "Tesla" ilə "SpaceX" arasında mümkün birləşmənin müzakirə olunduğunu bildirib. O, həmçinin "Starlink"in ildə "bir neçə yüz milyard dollar" gəlir gətirə biləcəyini deyib.

Qeyd edək ki, bu, iyunda birjaya çıxdıqdan sonra "SpaceX"in ikinci rüblük hesabatıdır. Üçüncü rübdə şirkət "Cursor"u 60 milyard dollara almaq üzrə sövdələşməni rəsmən başa çatdırıb, "Starship"in 13-cü buraxılışını həyata keçirib və yeni "V5 Starlink" ev antenasını təqdim edib.