Sem Altman: evdəki kompüterlərdə RAM olması "olduqca pis" haldır

"OpenAI" rəhbəri yaddaş resurslarının məlumat mərkəzlərində daha səmərəli istifadə edildiyini bildirib.

Tom's Hardware

Tom's Hardware xəbər verir ki, "OpenAI" şirkətinin baş icraçı direktoru Sem Altman istifadəçilərin evdəki kompüterlərində böyük həcmdə operativ yaddaşın (DRAM) olmasını "olduqca pis" adlandırıb.

Altman bu fikri "YouTube" platformasındakı "Cheeky Pint" kanalına verdiyi müsahibədə səsləndirib. O, süni intellekt modellərinin lokal, yəni istifadəçinin öz kompüterində işlədilməsini də eyni səbəbdən səmərəsiz hesab edib.

Altmanın sözlərinə görə, qlobal bölgü baxımından dünyanın məhdud DRAM ehtiyatının hər kəsin kompüterində saxlanılması və vaxtın cəmi 5 faizində istifadə olunması pis haldır. O, məlumat mərkəzlərinin bu resursdan daha səmərəli istifadə etdiyini vurğulayıb.

Açıqlama istifadəçilər arasında tənqidə səbəb olub. Bəzi oxucular süni intellekt şirkətlərinin bazardakı yaddaş və qrafik prosessor ehtiyatını öz ehtiyacları üçün topladığını iddia ediblər.

Qeyd edək ki, son dövrdə süni intellekt məlumat mərkəzlərinə olan yüksək tələbat yaddaş və qrafik prosessor bazarında qıtlığa və qiymətlərin artmasına səbəb olub. "OpenAI" isə dünyada ən böyük hesablama infrastrukturu qurmağa çalışan şirkətlərdən biridir.

Mənbə: Tom's Hardware