Rusiya "Apple" və "Microsoft"u istifadəçi yazışmalarını saxlamağa məcbur edir
Hər iki şirkət "Roskomnadzor"un reyestrinə daxil edilib. Onlar tələb olunduqda məlumatları təhlükəsizlik orqanlarına verməlidir.
9to5Mac "Bloomberg"ə istinadən xəbər verir ki, "Apple" və "Microsoft" Rusiyanın istifadəçi yazışmalarının saxlanmasını və tələb olunduqda təhlükəsizlik orqanlarına təqdim edilməsini nəzərdə tutan qaydalarının tətbiq dairəsinə düşüb.
Hər iki şirkət oktyabrın 2-də Rusiyanın rabitə tənzimləyicisi "Roskomnadzor"un apardığı "informasiya yayımı təşkilatçıları" reyestrinə əlavə edilib. Bu siyahıda artıq "Google Meet", "WhatsApp", "Telegram", "Snapchat", "Cloudflare" və "Blizzard Entertainment" kimi xidmət və şirkətlər yer alır.
Rusiya qanunvericiliyinə görə, reyestrdəki şirkətlər yerli istifadəçilərin yazışmalarını, səsli və video mesajlarını saxlamalı, istifadəçilər və onların ünsiyyətinin ötürülməsi barədə məlumatları isə üç il müddətində Rusiyada saxlamalıdır. Tələblərə əməl etməyən şirkətlər cərimələnə, sonda isə xidmətlərinə ölkədə məhdudiyyət tətbiq oluna bilər.
"Apple" və "Microsoft" reyestrə daxil edilmələri ilə bağlı açıq şərh verməyib və tələblərə əməl edib-etməyəcəklərini bildirməyib.
Qeyd edək ki, Rusiya xarici mesajlaşma xidmətlərinə qarşı məhdudiyyətləri sərtləşdirir və artıq "WhatsApp", "Telegram", "Signal" və "FaceTime"a girişi bloklayıb və ya məhdudlaşdırıb. Avqustda ölkənin antiinhisar tənzimləyicisi "Apple"a qarşı dövlət dəstəkli "MAX" mesajlaşma tətbiqini və "RuStore" mağazasını cihazlarına əvvəlcədən quraşdırmadığı üçün iş başladıb.
Mənbə: 9to5Mac