Rus hakerləri saytlar vasitəsilə "iOS" və "Android" cihazlarına hücum edib
"Sekoia" mütəxəssislərinə görə, kampaniya istifadəçinin heç bir hərəkəti olmadan cihazlardan məlumat oğurlamağa imkan verib.
BleepingComputer xəbər verir ki, rus hakerləri ilə əlaqələndirilən geniş miqyaslı kiberhücum kampaniyası ələ keçirilmiş və ya saxta saytlara daxil olan "iOS" və "Android" istifadəçilərini hədəfə alıb. Hücumlar ABŞ, Ukrayna, Çexiya və Bolqarıstandakı tanınmış saytlar üzərindən həyata keçirilib.
Kibertəhlükəsizlik şirkəti "Sekoia" əməliyyatı orta və yüksək əminliklə "APT29" ("Midnight Blizzard") qrupuna aid edir. Ələ keçirilən saytlar arasında Ukrayna qaz istehsalçısı, ABŞ-ın kimya sənayesi assosiasiyası və Bolqarıstanın hərbi sahəyə aid saytı olub. Hakerlər həmçinin "America250" və "Raffles London at The OWO" otelinin saxta surətlərini yaradıblar.
Tədqiqatçıların sözlərinə görə, hücumçular 27 avqust-3 sentyabr tarixlərində minlərlə saytda istifadə olunan Ukrayna analitika xidməti "Plerdy"nin SEO izləyicisini də dəyişdiriblər. Saytlara yerləşdirilən JavaScript kodu ziyarətçinin cihazını və brauzer versiyasını müəyyən edib, sonra isə uyğun eksploit zənciri istifadəçinin müdaxiləsi olmadan işə salınıb.
Hücumlar nəticəsində "Safari" və "Chrome" kukiləri, "WhatsApp" və "Telegram" məlumat bazaları, "Keychain" parolları, məkan məlumatları, fotolar və saxlanılmış Wi-Fi parolları oğurlanıb. Zərərli proqramlar cihazda daimi qalmırdı, yəni yenidən başlatma fəaliyyəti dayandırırdı.
Qeyd edək ki, "Apple" və "Google" kampaniyada istifadə olunan bütün boşluqları aradan qaldırıb, düzəlişlər köhnə "iOS" versiyalarına da çatdırılıb. İstifadəçilərə cihazlarında ən son təhlükəsizlik yeniləmələrini quraşdırmaq tövsiyə olunur.
Mənbə: BleepingComputer